Bakıda keçirilən bədii gimnastika üzrə "Ocaq" Beynəlxalq Kubokunda medal qazandığıma şadam. Milli Gimnastika Arenasında çıxış etməkdən inanılmaz hisslər keçirirəm.
Bu barədə Trend-ə Bakıda keçirilən yarışda 2011-ci il təvəllüdlü gimnastlar arasında (A qrupu) lentlə hərəkətdə bürünc medal qazanan Türkiyəli gənc gimnast Elif Ece Birgin deyib.
"Bakıda qadın idmançılar üçün gözəl şərait yaradılıb, gimnastika arenası məni çox sevindirir. Belə böyük zalda xalçaya çıxmaq həyəcanlı idi. Bununla belə, cıxışım yaxşı keçdi, özümü toparlayıb proqramı tamamlaya bildim", - Türkiyəli gimnast bildirib.
Gənc idmançının sözlərinə görə, yarışmaq üçün yenidən Bakıya gəlmək istəyir. Turnirlər bu qədər peşəkarcasına təşkil edildikdə, yarış prosesindən böyük həzz alırsan. Burada siz yalnız öz proqramınıza diqqət yetirirsiniz", - deyə o əlavə edib.
Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edir.