Beynəlxalq Futbol Federasiyası (FIFA) Malayziya yığmasına Səudiyyə Ərəbistanı komandasına qarşı 2018-ci il Dünya Çempionatının seçmə oyununda texniki məğlubiyyət verilməsi barədə qərar qəbul edib.
Xəbər verildiyi kimi, sentyabrın 8-də Malayziyanın Şah-Alam stadionunda keçirilən oyun əsas vaxtın qurtarmasına üç dəqiqə qalmış, qonaqlar 2:1 hesabı ilə irəlidə olarkən azarkeşlərin meydançaya pirotexnika atması səbəbindən dayandırılmışdı.
FIFA-nın intizam komitəsi texniki məğlubiyyətlə yanaşı, Malayziya yığmasına evdə keçirəcəyi görüşlərdən birini tamaşaçılarsız təşkil etməyi tapşırıb və ölkənin Futbol Federasiyasını 40 min İsveçrə frankı məbləğində cərimələyib.
Dünya çempionatı-2018-in seçmə turnirində Asiya zonasının A qrupunda çıxış edən Malayziya milli yığması cəmi bir xalla beşinci yerdədir.