Azərbaycan adına çox sevinirəm və həyəcanlıyam. Legioner həyatı yaşadığım ilk ilimdə FIBA Avropa Kubokunun müntəzəm mövsümünə vəsiqə qazandıq.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Sabah" klubunun basketbolçusu Desmond Kembric Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
ABŞ-dan olan 25 yaşlı oyunçu bildirib ki, bəlkə də insanların çoxu komandadan bu nəticəni gözləmirdi: "Amma mən inanırdım. Azarkeşlər üçün oynamağı sevirəm. Bu, mənə həyəcan verir. Rəqiblərə gəlincə, hər matçda qələbə üçün oynayacağıq. Təcrübəli komandamız var".
Qeyd edək ki, "Sabah" Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri "Mornar" (Monteneqro), "Baxçaşehir" (Türkiyə) və "Nimbruk" (Çexiya) klubları olacaq.
Azərbaycan təmsilçisinin qrupda ilk oyunu oktyabrın 18-də səfərdə "Mornar" klubuna qarşı olacaq.