“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.
“Report”un məlumatına görə, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.
Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.