Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə çıxış edən təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” növbəti oyunlarına çıxacaqlar.
İlk turda İngiltərədə “Tottenhem”ə məğlub olan ağdamlılar bu dəfə öz meydanında Belçikanın ən titullu komandası “Anderlext”i qəbul edəcək. Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqibini qarşısında ilk xallarını qazanmaq əzmindədir. “Atlılar” bu qarşılaşmada qalib gələcəyi halda ilkə də imza ata bilər. Belə ki, bu vaxta kimi, heç bir klubumuz qrup mərhələsi çərçivəsində evdə qələbə qazana bilməyib. Son üç matçdan qolsuz ayrılmayan “Qarabağ” bu dəfə də uğurlu seriyasını davam etdirmək istəyir.Digər təmsilçimiz “Qəbələ” Rusiyada “Krasnodar”ın qonağı olacaq. İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək xal ehtiyatını artırmaq niyyətindədir.İlk turda uduzan və buna görə qrupda sonuncu pillədə qərarlaşmış rusları məğlub edə bilsə, “Qəbələ” həm də ilkə imza atmış olacaq. Belə ki, “qırmızı-qaralar”ın hələ ki səfər qələbəsi yoxdur.Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyasına Krasnodarda da davam etdirməyə çalışacaq.
Avropa Liqası, qrup mərhələsi
II tur
1 oktyabr
J qrupu
22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika)
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan)