Tovuzda yeni yaradılmış voleybol klubunun təqdimatı olub

Tovuzda yeni yaradılmış voleybol klubunun təqdimatı olub backend

Tovuzda yeni yaradılan “Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma, yığmamızın voleybolçusu Polina Rəhimova, Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov, “Tovuz” Regional Voleybol Kubunun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və voleybolçular iştirak ediblər.

Hüseyn Əhmədovun açılış nitqindən sonra çıxış edən Şahin Çatma bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin ideal şəraitlə təmin olunmasının vacibliyini vurğulayıb.

Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz Olimpiya İdman Kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib. Voleybolda ilk addımlarını atan yeniyetmə və gənclərə tövsiyələrini verən millimizin üzvü onlara hədiyyələr paylayıb, xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, bir ay əvvəl təsis olunan klub seleksiya işləri həyata keçirib. Seçimlərdən sonra 10 yaşdan yuxarı oğlan və qızlardan ibarət 2 yaş qrupu üzrə komandalar formalaşdırılıb. Tovuz Olimpiya İdman Kompleksində baş məşqçi Gülər Əhmədova, məşqçilər Sadıq Hümmətov və Elnur İbrahimovun rəhbərliyi altında həftənin 5 günü məşqlər həyata keçirilir. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya - “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyyətli məşq proqramının həyata keçirilməsi üçün lazımi avadanlıq və inventarlarla təmin olunublar.

Klub rəhbəri Hüseyn Əhmədov bildirib ki, məqsədləri voleybolun bölgədə populyarlaşması, gələcəkdə isə peşəkar səviyyədə komandanın qurulmasıdır: "Əsas məqsədimiz uşaq və gəncləri sağlam həyat tərzinə, idmana yönəltməkdir. Tovuzda bütün idman növləri üçün böyük potensial və maraq var. Artıq rayonumuzun idman ictimaiyyəti ilə bir neçə görüş keçirmişik. Sevindirici haldır ki, bizim ideyamıza dəstək gündən-günə artır. Qısa müddət ərzində 2 yaş qrupu üzrə komanda formalaşdırdıq. Sıralamıza qoşulmaq istəyənlərin sayı artır. Sevindiricidir ki, qızların da bu idman növünə kifayət qədər marağı var. Qeyd etdiyim kimi, yeni başlamışıq, böyük planlarımız, məqsədlərimiz var. Məqsədlərə çatmaq üçün pillə-pillə irəliləyəcəyik. Təkcə Tovuz şəhərində yox, bölgəmizdən də istedadlı, voleybola marağı olan uşaqları cəlb edəcəyik. Kütləviliyə nail olmağı hədəfləyirik. Düşündüyümüz kimi yola davam etsək, yaxın vaxtlarda bunun bəhrəsini görəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Voleybol Federasiyasından gələn qonaqlarımız da yaradılan şəraitdən, ən əsası işə yanaşmamızdan çox razı qaldılar”.

Milli komandamızın üzvü Polina Rəhimova da bölgələrdə belə klubların sayının çox olmasının vacibliyindən danışıb: “Öncə dəvət üçün təşəkkürümü bildirirəm. İlk dəfədir Tovuzda oluram. Bura çox xoşuma gəldi. Bundan öncə Şəki və Gəncədə oldum. Açığı bölgələrdə potensialın yüksək səviyyədə olduğunu gördükdə yaxşı mənada təəccübləndim. İlk addımlar atılsa da, istedadlı uşaqlar, inkişaf üçün böyük perspektiv var. Hamımız düzgün yanaşma ilə işimizi görsək, yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, növbəti səfərim zamanı burada daha da böyük işlərin həyata keçirildiyinin şahidi olacağam. Özüm Ukraynadan olsam da, mənim həyatıma qatdıqlarına görə hər zaman Azərbaycana minnətdar olacağam. Bunun üçün də voleybolumuzun inkişafında iz qoymaq, tarixin bir parçası olmaq istəyirəm. Yerli voleybolçu cəhətdən çatışmazlıq var. Bu, çox vacib məqamdır. İstərdim ki, milli komandalarımızda yerli voleybolçuların sayı çox olsun və beynəlxalq yarışlarda Azərbaycan bayrağı onların əlində daim zirvələrə qalxsın. Hündürboy insanlarımız, güclü genetikamız var. Sadəcə, düzgün seleksiya ilə bölgələrdə olan belə uşaqları tapıb voleybolumuza qazandırmaq üçün səylə çalışmaq lazımdır”.

 

 

Diaspora