“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi, liqadakı bütün oyunçular üçün məcburi olan MLS matçlarından sonra mətbuat konfranslarını buraxmaq hüququna malikdir.
QAZİLER.AZ Lent.az-a istinadla bildirir ki, “The Athletic” nəşrinin məlumatına görə, hücumçunun çempionatın təşkilat komitəsi ilə razılığı var.
Məlumata əsasən, avqustun 26-da, “Nyu-York Red Bulls” - “İnter Mayami” oyunundan bir neçə dəqiqə sonra onlarla müxbir stadionun mətbuat konfransı zalına gəlib. Hər iki baş məşqçi jurnalistlərə müsahibə verib, onlar da hər iki komandanın futbolçularından şərh ala bilsələr də, media nümayəndələri Messinin oyununa münasibət öyrənə bilməyiblər.
Messi bir neçə müxbirin, xüsusən də Associated Press sözçüsü Ron Blumenin etirazına baxmayaraq, jurnalistlərlə danışmaqdan yayınıb. Məsələ burasındadır ki, MLS uzun müddətdir ki, futbolçuların hər matçda və hətta məşq zamanı jurnalistlərin ixtiyarında olmasını təmin etmək məqsədi daşıyan media siyasətini tətbiq edir. Şənbə günü Associated Press agentliyi yazıb ki, agentlik Messinin eyni siyasətə tabe olacağına dair ilkin zəmanət alıb, lakin indi MLS rəsmiləri bunun əksini deyirlər.
Liqa sözçüsü isə, “Lionel Messinin media ilə əlaqə saxlaması ilə bağlı anlaşılmazlıq olub. O, bu məsələ ilə bağlı heç bir qaydaları pozmayıb”, deyə münasibət bildirib.
“The Athletic”in məlumatına görə, Messi, liqa və “İnter Mayami” klubu arasında media ilə ünsiyyətlə bağlı razılıq var. Müqavilənin təfərrüatları açıqlanmasa da, anonim mənbələr mötəbər nəşrə bildiriblər ki, müqavilənin detalları işlənmə mərhələsindədir. Görünən odur ki, bu, razılıqdan sonra Messi yalnız öz mülahizəsinə uyğun olaraq müəyyən media nümayəndələri ilə əlaqə saxlayacaq və istədiyi zaman müsahibə verəcək.
Qeyd edək ki, Messi Liqa Kubokunda debüt etdikdən sonra Apple TV-nin efirində səsləndirilən bir neçə qısa şərh istisna olmaqla, ABŞ-a köçəndən sonra heç vaxt matçlar zamanı jurnalistlərlə ünsiyyətə vaxt ayırmayıb. Meydandan kənarda argentinalı yalnız bir mətbuat konfransı və bir sıra media orqanlarına üç qısa müsahibə verib.
Messi həmişə kifayət qədər şəxsi adam olub, yalnız həyatının çox hissəsini keçirdiyi Argentina və İspaniyada etibarlı müxbirlərə müsahibələr verib. Sosial mediada milyonlarla izləyicisi olan əfsanəvi futbolçunun karyerasının sonunda vərdişlərini dəyişmək fikrində olmadığı açıq-aydındır.