Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Dünyanın diqqət mərkəzində olan turnir üçün idmançılar və nümayəndələrlə yanaşı, bir çox tanınmış mütəxəssis də Bakıya təşrif buyurub.
Onlardan biri də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) hakimi Boris Postovskidir. SSRİ çempionu olan 86 yaşlı mütəxəssis 1990-2000-ci illərdə Rusiya millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 4 dəfə Şahmat Olimpiadasının qızıl medalını, 1997-ci ildə isə dünya çempionluğunu qazanıb. 2001-ci ildən ABŞ-də yaşayan B.Postovski 2004 və 2005-ci illərdə ABŞ millisinin kapitanı kimi olimpiada və dünya çempionatında iştirak edib.
Adı FIDE-nin “Qızıl Kitabı”na düşən Boris Postovski “Report”a müsahibəsində Bakıda keçirilən Dünya Kuboku ilə bağlı təəssüratlarını bölüşüb.
- İlk növbədə Bakıda təşkil edilən Dünya Kuboku ilə bağlı düşüncələrinizi bölüşərdiniz.
- Sizə onu deyə bilərəm ki, bu turnirdən ləzzət aldım. Dünya Kubokunu ən amansız, maraqlı turnir hesab edirəm. Çünki burada əsl mübarizə gedir. Kimsə rəqibinə güzəştə gedə bilməz. Proqnozları alt-üst edən turnir olur. Dünya Kuboku yeni ulduzlar kəşf edir. Bunu indi hiss etməyə bilərik. Kim təsəvvür edə bilərdi ki, bolqarıstanlı qadın şahmatçı Nurgül Salimova finala çıxacaq? Heç kim bunu gözləmirdi.
- Nicat Abasovun kişilərin yarışında yarımfinala qədər irəliləməsi kimi?
- Əlbəttə. Dünya şahmatı bu turnirdə Nicat Abasovu qazandı. Özü üçün əla nəticə göstərdi.
- Təşkilatçılıq ürəyinizcə oldumu?
- Təşkilatçılıq mükəmməldir. Mən əvvəlki yarışda da olmuşam. Təşkilatçılıq baxımından arada dağlar qədər fərq var. Həmin vaxt da təşkilatçılıq pis deyildi. Ancaq indi hər şey kompakt şəkildə təşkilatlanıb. Oyunlar da mükəmməl alındı. Ümumiyyətlə, Azərbaycan şahmatının tarixi keçmişi var. Hələ 1970-ci illərdə burada olmuşam. O dönəmdən Harri Kasparovu yaxşı tanıyıram. Həmçinin 2016-cı ildə olimpiada üçün Bakıya gəlmişəm. Bu üzdən burada yarış həmişə gözlədiyim kimi möhtəşəm keçir.
- Dünya Kubokunda artıq finalçılar bəllidir. Favoritiniz kimdir?
- Mən hələ əvvəldən qadınlarda Aleksandra Qoryaçkinanı, kişilərdə isə Maqnus Karlseni favorit qismində görmüşəm. Qoryaçkinanın bu yarışı asanlıqla qazandığını düşünürəm. Ancaq finalda hətta məğlub ola da bilərdi. Nurgül Salimova ona layiqli müqavimət göstərdi.
- Söhbətin əvvəlində dediniz ki, Dünya Kuboku yeni ulduz kəşf edir. Nicat Abasovu bu siyahıya salmaq olar?
- Nicatın çıxışı mənə xoş gəlir. Ciddi və səliqəli oyunu ilə diqqət çəkir. Finalın bir addımlığında dayandı. Hətta yarımfinalda Karlsenlə başabaş mübarizə apardı. İlk partiyada qələbə qazana da bilərdi. İkinci partiyanı isə gözəl keçirdi. Məlum məsələdir ki, Nicat hələ üzərində çox çalışmalıdır. İddiaçılar Turnirinə vəsiqə qazansa, onun üçün əla təcrübə olar. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovu təbrik etmək istəyirəm ki, Rusiyadan iki güclü mütəxəssisi buraya gətirib. Onlardan biri olan Yevgeni Tomaşevski fantastik məşqçidir, onu yaxşı tanıyıram. Abasovun uğurlu çıxışında onun əməyini də qeyd etmək lazımdır. Fikrimcə, Nicatın heç də pis şansları yoxdur.
- Ötən əsrin 70-ci illərindən bəri Bakıya bir neçə dəfə gəldiyinizi qeyd etdiniz. Paytaxtımız çox dəyişib?
- Bəli, çox dəyişib. Hər dəfə gələndə buranı tanımaq olmur. Təəssüf ki, budəfəki səfərim zamanı çox gəzə bilmədim. Çünki hava çox istidir. Olimpiada vaxtı gəldiyim dönəmlə indiki arasında belə, fərqlər var. Bakı möhtəşəm, müasir şəhərdir. Buraya gəlməyimə şərait yaratdığı üçün Azərbaycan Şahmat Federasiyasına təşəkkürümü bildirirəm. İstər Mahir Məmmədovla, istərsə də azərbaycanlı şahmatçılarla münasibətim çox yaxşıdır. Bir sözlə, burada olmaqdan həzz alıram.