Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişi cinsindən qadın cinsinə keçən transseksualların qadın turnirlərində iştirakını müvəqqəti olaraq qadağan edib.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, sözügedən qadağa ilə bağlı FİDE ciddi tənqidlərə məruz qalıb.
İsveçrənin Lozanna şəhərində yerləşən FİDE avqustun 14-də yeni tənzimləmə ilə bağlı verdiyi açıqlamada, “Cinsiyyətini kişidən qadına dəyişdirən kəslərin FİDE-nin yeni qərarına qədər qadınlar üçün rəsmi tədbirlərinə qatılmaq haqqı yoxdur.
Bu qərar əlavə təhlillərə əsaslanmalı və FİDE Şurası tərəfindən mümkün qədər tez, lakin 2 (iki) ildən çox olmayaraq qəbul edilməlidir. Cinsiyyətini dəyişmiş şəxsin açıq divizionda (üzv olan istənilən oyunçunun iştirak etdiyi turnir) oynaması üçün heç bir məhdudiyyət yoxdur”, - deyə qeyd edilib.
FİDE-nin transseksuallarla bağlı qəbul etdiyi digər diqqətəlayiq qərar isə uduş titulları ilə bağlı olub:
"Əgər oyunçunun qadın titullarından hər hansı biri varsa, lakin cinsiyyəti kişiyə dəyişdirilibsə, qadın titulları silinəcək. Əgər oyunçu cinsini kişidən qadına dəyişibsə, əvvəlki bütün titullar qüvvədə qalacaq".
Son illərdə idman federasiyalarının transseksualların qadın turnirlərində iştirakına qadağa qoyması və bəzi transgenderlərin qadın turnirlərində fiziki üstünlük əldə etməsi qarşılıqlı tənqidlərə səbəb olub. Bu qərarla FİDE yüksək intellekt və bacarıq tələb edən şahmatda gender ayrı-seçkiliyinə görə tənqid hədəfinə çevrilib.
QAZİLER.AZ