Azərbaycanlı idmançılar II MDB Oyunlarında iştirak etmək üçün Minskdədirlər

Azərbaycanlı idmançılar II MDB Oyunlarında iştirak etmək üçün Minskdədirlər backend

Azərbaycanlı idmançılar II MDB Oyunlarında iştirak etmək üçün Minsk Milli Hava Limanına eniblər.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, müxtəlif idman növlərində iştirak edəcək 180 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini Belarus könüllüləri qarşılayıblar.

Gələn idmançılardan bir çoxları Belarusda ilk dəfə deyillər. Çimərlik futbolu üzrə yarışlarda iştirak edən Vaqif Şirinbəyov ölkə ilə bağlı təəssüratlarını bölüşüb: “Mən Belarusda bundan əvvəl də olmuşam, biz o vaxt Vitebskə gəlmişdik. Bu ölkəyə təkrar dönmək istəyirdim. Çox xeyirxah insanları var, bizə hər zaman yaxşı yanaşırlar. Bu gün bizi çox gözəl qarşıladılar, bizim dilimizdə salamladılar. Bu çox xoşdur”.

Yarışların başlanmasını səbirsizliklə gözlədiyini deyən V.Şirinbəyov əlavə edib: “Bizim rəqiblərimizin hamısı çox güclüdür. Xüsusilə də Belarus yığması. Düşünürəm ki, oyunlar çox maraqlı keçəcək”.

Yunan-Roma güləşi üzrə məşqçi Zöhrab Abbasov da əvvəllər Belarusda olub. O əmindir ki, II MDB Oyunları yüksək səviyyədə keçəcək. “Xalqlarımız bir-birinə çox yaxındır. Ölkə əhalisi çox qonaqpərvərdir, bura qayıtmaq böyük zövqdür. Belarus – idman ölkəsidir”, - deyə o təəssüratlarını bölüşüb.

Cüdoda döyüşən Mehdi Cəfərov isə Belarusda ilk dəfədir. Ölkənin adət-ənənələrini öyrənmək və insanları ilə tanış olmaq onun üçün çox maraqlıdır. O deyib ki, yarışlardan əvvəl yüngül həyəcan keçirir, lakin bacarıqlarını nümayiş etdirməyi planlaşdırır. “Mən bütün iştirakçılara uğurlar arzu etmək istəyirəm. Ən güclü qalib gəlsin”, - deyə idmançı vurğulayıb.

Belarusa, həmçinin Vyetnam, Pakistan və Misirdən də iştirakçılar təşrif buyurub.

İdman və turizm naziri Oleq Andreyçik müxtəlif ölkələrdən gələn idmançıları qarşılayıb. “Sizi Belarusda görməkdən çox şad olduq. Sizin yaxşı istirahət edəcəyinizə və buradan ən xoş təəssüratlarla dönəcəyinizə ümid edirəm. Sizə uğurlar və xoş əhval-ruhiyyə arzulayıram. Düşünürəm ki, yarışlarda ən yaxşı nəticələr göstərəcəksiniz”, - deyə o idmançıları salamlayıb.

 

 

Diaspora