Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII) davam edir.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, iyunun 26-da işə başlayan konfrans çərçivəsində sessiya görüşləri keçirilir. Bu görüşlərdə müxtəlif ölkələrdən olan nazirlər və yüksək vəzifəli şəxslər iştirak edirlər.
Bugünkü sessiya iclasında Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons dünyadakı fiziki məhdudiyyətli insanlardan söhbət açıb. “Dünyada insanların 15 faizi fiziki məhdudiyyətlidir və onlar diskriminasiyanı hiss edirlər, lakin idman baryerləri aradan qaldırmağa və bu şəxslərin cəmiyyətdə daha fəal olmasına imkan verir. İdmanla məşğul olmaq onların hüququdur. Onların idmana tam cəlb olunması üçün lazımi şərait yaratmaq lazımdır”, - deyə o bildirib.
İyunun 29-dək davam edəcək konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan "Fit for Life" layihəsindən irəli gələn "Fit for Life" tərəfdaşlıq sənədi qəbul ediləcək. "Fit for Life" layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.