Atdan yıxılaraq ağır xəsarət alan Fransanın "Pari Sen-Jermen" (PSJ) klubunun qapıçısı Serxio Riko komadan ayılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə iyunun 19-da idmançının həyat yoldaşı Alba Silvaya istinadən Telecinco telekanalı məlumat yayıb.
O, ərinin özünə gəldiyini və artıq sakitləşdirici dərman qəbul etmədiyini təsdiqləyib.
“Yavaş-yavaş yaxşılaşır. Mən əvvəldən onun irəli gedəcəyini bilirdim, çünki o, çempiondur”, - Silva Twitter hesabında yazıb.
PSJ-nin qapıçısının atdan yıxılaraq ağır xəsarət alması mayın 28-də məlum olub. Hadisə Riko mayın 27-də Fransa çempionatında "Strasbur"la matçında iştirak etdikdən və dərhal İspaniyaya qayıtdıqdan sonra baş verib.
Klub Rikonun vəziyyətinin ağır olduğunu bildirmişdi. İspaniya mətbuatı onun Sevilyadakı xəstəxanada həyati dəstək aparatına qoşulduğunu yazıb.
Riko PSJ-nin əvəzedici qapıçısıdır. O, əvvəllər "Sevilya", "Fulhem" və "Malyorka"da çıxış edib, həmçinin İspaniya millisində bir oyun keçirib.
QAZİLER.AZ