Futzal üzrə milli komandamız bu gün Avro-2016-nın pley-off mərhələsi çərçivəsində Slovakiya ilə cavab görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Trnavanın Mestska İdman Sarayında baş tutan qarşılaşmaya yığmamız üstün çıxıb.
Çünki komandamız Bakıda keçirilən ilk qarşılaşmada da 3:1 hesablı qələbə qazanmışdı.Bu oyunda da hesabı açan milli komandamız olub. Vitali Borisov 8-ci dəqiqədə yığmamızı önə keçirən qolu vurub. İkinci hissədə rəqib hesabı bərabərləşdirərək ümidlənib.
Ancaq slovakiyalıların bundan artığına gücü çatmayıb. 1:1 hesabı ilə bitən oyundan sonra Avropa Çempionatının final mərhələsinə yüksələn komanda Azərbaycan milli komandası olub.
Qeyd edək ki, Avro-2016-nın final mərhələsi gələn il, 2-13 fevral aralığında Belqrad şəhərində keçiriləcək.
22 sentyabr
Avro-2016-nın pley-off mərhələsinin cavab oyunu
Slovakiya - Azərbaycan - 1:1
Qol: Duşan Rafay, 25 - Vitali Borisov, 8
Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)
Trnava. "Mestska Sportova Hala" stadionu
İlk oyun - 1:3