İyunun 10-da Qax şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və 15 İyun – Milli Qurtuluş Gününə həsr edilən şahmat üzrə rayon turniri keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 20-dək şahmatçı mübarizə aparıb. Yarışda, həmçinin şəhid ailələrinin üzvləri də iştirak ediblər.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, yarışa başlamazdan əvvəl Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Turnirin açılış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini anmaq, onun misilsiz xidmətlərini təbliğ etmək, eyni zamanda, rayonda şahmatın kütləviliyinə nail olmaq, şahmatçıların ustalıqlarını artırmaqdan ibarətdir.
Yekun nəticələrə əsasən, Eldəniz Əzizov turnirin qalibi adını qazanıb. Elmir Həşimli və Elvin İsgəndərov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirdə ilk yerləri tutan, həmçinin fərqlənən şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.