Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Oyunun 3-cü dəqiqəsində Aleksey Kaşuk Bakı təmsilçisini hesabda önə keçirib. İki dəqiqə sonra A.Kaşuk yenidən rəqibi meydanın mərkəzinə dəvət edib.
Oyunun 23-cü dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Umut Meraş hesab arasındakı fərqi azaldıb. Görüşün 44-cü dəqiqəsində U.Meraş komandasının və özünün ikinci qolunu vurub.
Görüşün 63-cü dəqidəsində "Beşiktaş"ın hücumçusu Cenk Tosun penalti zərbəsini dəqiq yetirərək komandasını hesabda önə keçirib. Matçın 70-ci dəqiqəsində “Sabah”ın gürcüstanlı hücumçusu Davit Volkov hesaba tarazlıq gətirib.
Beləliklə, xeyriyyə matçı 3:3 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.