Hindistan polisi 58 yaşlı sovet üzgüçüsü, 1980-ci il Olimpiadasının gümüş mükafatçısı Svetlana Varqanovanı həbs edib. O, narkotik satmaqda ittiham olunur.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, üç nəfər, o cümlədən sovet idmançısı Qoada narkotiklərə nəzarət bürosunun əməkdaşları tərəfindən saxlanılıb. Qrup əcnəbilərə narkotik maddələr satmaqda ittiham olunur. Bu işdə Varqanovadan başqa daha bir rusiyalı - adı açıqlanmayan keçmiş polis ittiham olunur.
Polis saxlanılan şəxslərdən narkotik maddələr və müxtəlif valyutalarda satışdan əldə edilən pulları müsadirə edib. Hindistan hüquq-mühafizə orqanlarının əməkdaşları iki həftədir ki, cinayətkarları axtarırdılar.
Svetlana Varqanova - SSRİ-nin əməkdar idman ustası. 1980-ci il Olimpiadasından əlavə olaraq, 1982-ci ildə Dünya Üzgüçülük Çempionatında iştirak edib və burada 200 metr məsafəyə brass üsulu ilə üzmə üzrə çempion olub.