Qaziler.az saytı xəbər verir ki, “Bakıda keçiriləcək Avropa Oyunları böyük uğur qazanacaq. Bu yarış idmançıların olimpiadaya daha yaxşı hazırlaşmasına xidmət edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
O, Bakıya son səfəri ilə bağlı müsahibəsində ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlığın gedişindən məmnun qaldığını bildirib: “Bakıda olduğumuz 2 gündə yarışların keçiriləcəyi idman qurğuları ilə tanış olduq, yarana biləcək problemlərlə maraqlandıq. Gördüklərimizdən çox razı qaldıq. Bakının hər yerində tikinti işləri aparılır. Bu işə böyük qüvvə sərf olunur. Mən əminəm ki, hər şey qaydasında və vaxtında hazır olacaq”.Hikki Bakıdakı yarışların gözləniləndən də artıq uğur qazandığını düşünür: “Avropa Oyunları ilə bağlı işlərə başlayanda burada 10 idman növünün olmasını istəyirdik. İndi isə bu rəqəm 20-yə yaxındı. Hətta biz bəzi növlərdən imtina etmək məcburiyyətində qaldıq. Bu da Avropa Federasiyalarının yarışa böyük marağını göstərir. İnanıram ki, 2019-cu ildəki Avropa Oyunlarında atletika və üzgüçülükdə də ən güclü idmançılar çıxış edəcək. Çünki Bakıdakı yarış Avropaya göstərəcək ki, bu oyunlar nə qədər maraqlıdı. Avropa Oyunları idman təqviminin bir hissəsinə çevriləcək. Buna görə də yarışa daha çox maraq cəlb edən növləri daxil edilməsini istəyirik. Gənc idmançılarda da maraq oyatmaq mümkün olacaq. Düşünürəm ki, Bakıdakı Oyunlar avropalı idmançılara Olimpiadada daha çox medal qazanmağa kömək edəcək. Burada qazanılacaq təcrübə onların hazırlığına müsbət təsir etməlidi. Bunun da nəticəsi Rio-de-Janeyro, Tokio və növbəti Olimpiya Oyunlarında maksimum uğur qazanmaqda əks olunacaq. Bizim üçün Olimpiya xartiyasının prinsipləri çox vacibdi. Azərbaycan tərəfi də bizi bu prinsiplərə əmək olunacağına inandırıb”.
Qeyd edək ki, bu il keçiriləcək Avropa Oyunları iyunun 12-28-də baş tutacaq.