Avropa Klubları Assosiasiyasının (ECA) Cenevrədə keçirilmiş 15-ci Baş Assambleyasında qaçqın həyatı yaşayan vətəndaşlara dəstək olmaq və ehtiyacı olan insanlara kömək göstərmək üçün hərəkata başlamaq haqqında qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, ECA-nın üzvü olan “Porto” klubu tərəfindən irəli sürülən ilkin ideyaya əsasən, Avropa Klublar Birliyi UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası 2015/2016-cı il mövsümünün qrup mərhələsinin iştirakçılarından ilk ev oyununda satılacaq hər biletdən 1 avro ianə etməsini xahiş edib.
Sözü gedən layihə “90 MİNUTES FOR HOPE” şüarı altında keçiriləcək. İanələr Avropa Klublar Birliyinin müəyyən etdiyi “90 MİNUTES FOR HOPE” bank hesabında toplanacaq. Fondun əməkdaşlıq edəcəyi təşkilatlar bu vəsaitin ehtiyacı olan insanlara çatdırılmasına yardım edəcək.
ECA tərəfindən başlanılan hərəkata Avropa miqyaslı yarışlarda iştirak etməyən klublar da könüllü olaraq qoşula bilərlər.