Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib.
Qurumdan verilən məlumata görə, funksioner işlərinin çoxluğu ilə bağlı bu addımı atıb.
O, son bir ildə triatlonun inkişafı üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görüldüyünü və müxtəlif formatlı idman yarışlarının keçirildiyini bildirib: "Triatlonla məşğul olanların sayı dəfələrlə artıb, klublar yaradılıb. Uşaqların bu növə cəlb olunması istiqamətində davamlı iş aparılıb, onlar üçün yarışlar təşkil olunub. Mənim əsas fəaliyyətim innovasiyalarla bağlıdır, hazırda rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir, bununla yanaşı il ərzində silsilə ezamiyyətlərim planlaşdırılıb".
Elçin Əliyev vaxt azlığı ilə bağlı federasiyanın işində əvvəlki həcmdə aktiv iştirak imkanının olmayacağını diqqətə çatdırıb: "Bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm. Bununla yanaşı, triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram və öz təcrübəmlə bundan sonra da bu idman növünün inkişafına töhfəmi verəcəyəm".
Qeyd edək ki, Elçin Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi.