“Qəbələ” İdman Klubu ilə “Qafqaz” otellər qrupu arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ” İK-nın bütün futbol komandaları 2015-2016-cı illər mövsümündə üzərində “Qafqaz Hotels and Resorts” reklamı əks olunan formalar geyinəcək.
Apasport.az saytının məlumatına görə, “Qafqaz Hotels and Resorts” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birlərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
“QafqaZ” Azərbaycanın ən böyük mehmanxana şəbəkəsidir və Qəbələ, Lənkəran və Bakıda fəaliyyət göstərir. Mehmanxana şəbəkəsinə 1400-dən artıq otağı olan 13 ədəd 4-5 ulduzlu mehmanxana və istirahət mərkəzləri daxildir. Hazırda, “QafqaZ Hotels & Resorts” müasir və xidmətlərin bütün cəhətlərini əhatə edən dinamik, proqresiv otelçilik qrupudur. “QafqaZ Hotels & Resorts” fəaliyyətində “Səmimi Qayğı və Həqiqi Azərbaycan Qonaqpərvərliyi” şüarını əsas tutur, - deyən şirkətin Baş İcraçı Müdir müavini Elgün Məmmədov əməkdaşlıqla bağlı bu fikirləri səsləndirdi: “Qəbələ” İK isə bu mövsüm ölkəmizi beynəlxalq arenada layiqli təmsil edir. Ona görə də, iki qurumun əməkdaşlığının Azərbaycanın tanıdılmasında və təbliğatında önəmli bir yer tutacağı şübhəsizdir. Müqavilə müddətinin bir il olmasına baxmayaraq, əməkdaşlığın daha uzun müddəti əhatə edəcəyini düşünürəm”.
“Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “QafqaZ Hotels & Resorts” kimi ölkəmizin önəmli brendlərindən biri ilə əməkdaşlıq etmək klubumuz üçün çox mühüm hadisədir. Çünki əsas məqsədimiz futbol sahəsində ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə daim birincilərlə çalışaraq çata biləcəyimizin fərqindəyik”, - dedi.
Xatırladaq ki, “Qəbələ” futbolçuları ötən 2 mövsüm ərzində də meydançaya bir digər qlobal brend - “Pepsi” reklamlı formalarla çıxırdı. (klub saytı)