Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi San-Pauluda yerləşən “Santos” futbol klubunun stadionunda keçiriləcək.
Bu barədə “Je-1” portalı məlumat yayıb.
Bildirilib ki, dekabrın 23-dən həkimlər əfsanəvi futbolçunun səhhətinin pisləşməsi barədə məlumat verdikdən sonra anım mərasiminin təşkili üçün avadanlıqlar stadiona gətirilməyə başlanılıb. Mərasimin gün yarım davam edəcəyi gözlənilir.
Xatırladaq ki, braziliyalı əfsanəvi futbolçu Pele dekabrın 29-da San-Paulu klinikasında 82 yaşında vəfat edib. Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və ABŞ-ın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.
Report.az