Dörd boksçumuz dünya birinciliyinin dörddəbir finalına vəsiqə qazanıb

Dörd boksçumuz dünya birinciliyinin dörddəbir finalına vəsiqə qazanıb backend

Sankt-Peterburqda boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvü dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Yarışda 54 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Həsənov danimarkalı Hassan Jallavı məğlub edib – 2:1. Həmyerlimizin növbəti rəqibi almaniyalı Nik Bier olacaq.

Sayad Lalayev də (63 kq) komanda yoldaşının uğurunu təkrar edib. Seçmə komandamızın üzvü İsrail nümayəndəsi Muhammed Əbu Riaşdan üstün olub – 3:0. Boksçumuz növbəti mərhələdə Qazaxıstan təmsilçisi Aibol Jambirbayla üz-üzə gələcək.

Dünya birinciliyində 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də dörddəbir finala yüksəlib. M.Abdullayev bu dəfə rumıniyalı İonut Bohotiçi üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz növbəti mərhələdə amerikalı Riçard Torreslə görüşəcək.

Bəxtiyar Qazıbəyov (60 kq) səkkizdəbir finalda macarıstanlı Mata Lakatoşu mübarizədən kənarlaşdırıb – 3:0. Növbəti mərhələdə onun rəqibi kubalı Edel Akosta Qarsiya olacaq.

Bu gün dünya birinciliyində dörddəbir final mərhələsinin görüşləri keçiriləcək.

Yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.
Diaspora