Futbol üzrə üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü ESPN məlumat yayıb.
Məlumata görə, tibb işçiləri üçqat dünya çempionunda çoxsaylı ödəm aşkarlayıb. Ona ürək çatışmazlığı diaqnozu da qoyulub. Xəstəxanadan bildirilib ki, Pelenin son aylar ərzində keçirdiyi kimyaterapiya braziliyalının bədənindəki şişlərə heç bir təsir göstərməyib.
Qeyd edək ki, Pele 2021-ci ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat olunub. Dekabrın 8-də müalicə üçün onun xəstəxanaya yerləşdirilməsi planlaşdırılıb. Daha sonra ESPN telekanalı Pelenin bağırsaqlarında, qaraciyər və ağciyərində də şişlər aşkarlandığını açıqlayıb.
Xatırladaq ki, 82 yaşlı Pele futbol üzrə yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970). O, Braziliya millisində 92 oyun keçirib və 77 qol vurub. Pele Beynəlxalq Futbol Federasiyası tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb. Forvard Braziliyanın “Santos” (1956-1974) və Amerikanın “Nyu York Kosmos” (1975-1977) komandalarında çıxış edib. Braziliyalı karyerasında 1279 qolun müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
QAZİLER.AZ