"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib - FOTO - Yenilənib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib - FOTO - Yenilənib backend

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. Daha sonra "köhlən atlar" təşəbbüsü ələ alıb. 13-cü dəqiqədə Kadi Borgesin zərbəsindən sonra top qapının yanından keçib. Ardınca Marko Veşoviç və Qara Qarayevin zərbələrində dəqiqlik çatmayıb.

23-cü dəqiqədə Pirey təmsilçisinin heyətində Andreas-Rixardos Ntoi fərqlənməyə yaxın olsa da, çərçivəyə düşə bilməyib. 38-ci dəqiqədə qonaqların hücumçusu Abubakar Kamaranın qapı önünə asmasından sonra top dirəyə dəyib. 44-cü dəqiqədə Pyer Kundenin fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb. 

"Qarabağ" ikinci yarıya da fəal başlayıb və topa nəzarət edən tərəf olub. "Olimpiakos" ara-sıra hücumlar yaratsa da, istəyinə çata bilməyib. İlk hissənin əvvəlində ayağından zədə alan Kadi Borges 62-ci dəqiqədə Filip Ozobiçlə əvəzlənib. 5 dəqiqə sonra Qara Qarayevin uzaq məsafədən zərbəsi dəqiq alınmayıb. Ozobiç 71-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, şansı boşa verib. "Köhlən atlar" oyunun sonlarına yaxın hücumlarının kəsərini artırsa da, rəqib qapısına yol tapa bilməyib. 

Beləliklə, rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-offunda iştirakı təmin edib.

Qrupun digər görüşündə Almaniya "Frayburq"u Fransada "Nant"a qalib gəlib - 4:0. 12 xala malik Bundesliqa təmsilçisi ən azı ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü, "Olimpiakos" 1 xalla sonuncu pillədədir. 

 

*****

21:34

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb. 

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

 

*****

20:47

Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

Qrupun digər matçında Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gəlir.

Qeyd edək ki, G qrupuna 9 xalla "Frayburq" başçılıq edir. "Qarabağ" 6 xalla ikinci, "Nant" 3 xalla üçüncü sıradadır. Hər üç oyunda məğlub olan "Olimpiakos" sıfır xalla sonuncu pillədədir.

Diaspora