“Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm” - Qurban Qurbanov

“Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm” - Qurban Qurbanov backend

“Qələbə qazansaq da, mənim üçün danışmaq asan deyil"”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Nant”la ev oyunundan sonra mətbuat konfransına qatılıb. Qurbanov “Böyük beşlik” təmsilçisi üzərində qələbəyə şərh verib: “Matçın məsuliyyətini dərk edirdik. İlk hissədə həyəcan hiss olundu. Allah şəhidlərimizə rəhmət etsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bunu bizdən gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm”.

Qurbanov Azərbaycan – Ermənistan sərhədində gərginlik olduğu dövrdə komandanı hazırlamağın çətinliyini vurğulayıb: “Qrup oyunlarına əvvəldən hazırlaşırdıq. Son günlərdə baş verənlər bizi daha məsuliyyətli etdi. Futbolçular sağ olsun, soyuqqanlı və diqqətli olmalı bacardılar. Oyunun gedişatı barədə onlarla danışırdıq. Onlara güvəndiyimi deyirdim. Çox gərgin, həyəcanlı anlar oldu, amma soyuqqanlı davrandılar. Futbolçulara təşəkkür edirəm. Böyük motivasiya verdiyimi deməzdim, bir dost, yoldaş kimi münasibət qururduq. Deyirdik ki, üzərimizə düşəni meydanda etməliyik. Mütləq qalib gəlməliyik deyə bir düşüncəmiz yox idi. Oyunçulardan razı qaldım. Şükürlər olsun, qələbə qazandıq”.

Mütəxəssis birinci hissənin ilk yarısındakı həyəcana da toxunub: “Nə qədər futbol barədə düşünmək istəsək də, mümkün deyildi. İstər-istəməz cəbhədə baş verənlər müzakirə olunurdu. Sadəcə, kiçik müzakirələrimiz oldu. Rəqibin böyük pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Təcrübə futbolçulara kömək etdi. Əlavə nəsə etdiyimi desəm, doğru olmaz. Daim futbolçuların yanında olduğumu demişdim”.

Qurbanov 2 il əvvəl müharibə dövründə “Legiya” üzərində də 3:0 hesablı qələbənin əldə olunmasına münasibət bildirib: “Bu oyunlardan ləzzət aldığımızı deyə bilmərəm. Sadəcə, Allahdan matçı üzüağ başa vurmağı istəyirdim. Çox şükür, hər şey bizim tərəfimizdə oldu. Belə günlərdə təcrübə çox vacibdir. Bu gün uduza da bilərdik. Bəlkə də, Bakıda oynamağımız bizim üçün yaxşı oldu. Bütün xalqımız bizimlə idi. Müqayisə etmək istəməzdim. Hər iki oyundan üzüağ çıxdığımıza görə Allaha təşəkkür edirəm. Əslində çox nadir hallarda tribunalara baxıram. Ovusunun qolundan sonra belə etməklə bəlkə də, insanların sevincini görmək istəyirdim”.

Qurbanov “Nant”ın sol cinahdan hücum etməsini öncədən bildiklərini də gizlətməyib: “Rəqibin oyununda çox az dəyişiklik oldu. Bunu gözləyirdik. Komandanı məlumatlandırmışdıq. 1-2 epizodda boşluqlar verdik, amma get-gedə ikinci oyunçu da köməyə gəlirdi. Marko Veşoviçin sığortalanması çox vacib idi. Get-gedə bu çətinlik aradan qalxdı”.

“Qarabağ”ın baş məşqçisi qələbəni kimə həsr etdiklərini də açıqlayıb: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm. Bu, onların etdiyinin zərrəsi belə deyil. Allah şəhidlərimizə rəhmət etsin, ordumuzu qorusun!”.

Qurbanov fasilədə oyunçulara verilən tapşırıqlardan da danışıb: “Hər oyun fasilədə tapşırıqlarımız olur. Analitik qeydlərini edir. İkinci hissədə sürəti artırmaq vacib idi. Rəqibdə yorğunluq olduğu barədə məlumatlar var idi. Yaxşı rotasiyalar edirdi. Düşünürdüm ki, ikinci hissədə fiziki olaraq rəqibi üstələyə bilərik. Ona görə sürəti artırmağı düşünürdük”.

Baş məşqçi qrup ikinciliyi barədə sualı da cavablandırıb: “Çox istəyirik. Amma rəqibləri görürsüz. Hər biri çox ciddi və iddialıdır. Oyundan oyuna bizə daha ciddi yanaşırlar. Nə qədər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışacağıq. Futbolçularım çox istəklidirlər. Pley-offa çıxmaq istəyirik. Rəqiblərimizə real yanaşmalıyıq. Onların gücünü hiss etməliyik. Çəkinmədən, ürəklə rəqiblərin üzərinə gedəcək və maksimum nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”.

Qurbanov bütün futbol azarkeşlərinin dəstəyini hiss etdiyini bildirib: “Bütün ölkənin, hətta digər klubların azarkeşlərinə də dəstək üçün təşəkkür edirəm. Amma əvvəlki oyunlarda da bunu hiss etmişəm. Çox mehriban xalqıq. Dostluqda çox möhkəmik. Həmişə bildirmişəm ki, 44 günlük zəfərimizdən sonra Azərbaycanda bir-birimizə olan münasibət çox dəyişib. Son illər bəlkə bir az birlik çatışmırdı, 44 günlük müharibədən sonra bunu hiss etmişəm. Bir-birimizə çox inamla, pozitiv yanaşırıq. Bu gün də hamı bizimlə idi. İstərdik ki, digər klublarımız Avropada oynasın, biz də onlara azarkeşlik edək. Mənim üçün çox xoşdur, hər birinə təşəkkür edirəm. Belə də olmalıdır. Futbolumuzun inkişafı üçün bir olmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” “Nant”a 3:0 hesabı ilə qalib gəlib.

Diaspora