Prosineçki qarşıdakı matçlara oyun təcrübəsi olmayan futbolçuları dəvət etməsinə aydınlıq gətirib
"Yığmamızın yaxşı oyun göstərəcəyində əminəm".
ANSPRESS-in məlumatına görə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Çempionatı- 2016-nın (AÇ - 2016) seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçiriləcək oyunlara dair fikirlərini açıqlayıb.
Xorvatiyalı mütəxəssis ötən gündən etibarən komandanın bütün üzvlərinin toplanışda iştirak etməyə başladığını bildirib.
"Tam heyətlə ilk məşqimiz bu gün baş tutacaq. Heyətdəki futbolçular arasında zədəlimiz yoxdur. Bu da sevindirməyə bilməz. Bizi vacib oyunlar gözləyir. Çünki çətin rəqiblərə qarşı mübarizə aparacağıq".
Prosineçki qarşıdakı matçlara oyun təcrübəsi olmayan futbolçuları dəvət etməsinə də aydınlıq gətirib: "Xorvatiyaya qarşı meydana çıxacaq futbolçuların 90 faizini oyun təcrübəsi olanlar təşkil edəcəklər. Bütövlükdə, yığmada hər şey qaydasındadır. Uşaqlar məşqlərdə yaxşı çalışırlar. Bundan razıyam. Yaxşı oyun göstərəcəyimizə inanıram".
O, itkilərdən də söz açıb: "Maksim Medvedevlə Cavid Hüseynovun timsalında itkilərimiz də var. Onlar bizə kömək edə bilməyəcəklər. Amma bu, hələ heyəti açıqlayana qədər də məlum idi".
Prosineçkinin sözlərinə görə, komandası hazırda tam olaraq xorvatlarla oyuna köklənib: "Hazırda yalnız Xorvatiya ilə matçı düşünürük. Ancaq buna görə narahatam. Səhvlərə yol vermək olmaz. Son iki oyunda yaxşı çıxış etmişik. Xorvatiyaya gəlincə, bu komandanı yaxşı tanıyıram. Komandamın gücünə inanıram".
Yığmamız Xorvatiya ilə oyuna sentyabrın 3-də 8-ci km. qəsəbə stadionunda çıxacaq.
Malta ilə oyun sentyabrın 6-da bu ölkənin Ta Qali şəhərində Malta Milli Stadionunda baş tutacaq.