Azərbaycan Dünya çempionatında 7 qadın güləşçi ilə təmsil olunacaq.
Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində güləş üzrə Dünya çempionatı keçiriləcək. Mundialda çıxış edəcək güləş yığmalarımız bu gün ABŞ-a yola düşüb.
Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti bir neçə gün öncə açıqlanıb.
Qadın güləşi yarışlarında ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Nadya Muşka (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Güləşçilərimiz çempionatda baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında çıxış edəcək.
Çempionatın proqramına əsasən, ilk olaraq 66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Sentyabrın 8-də 59, 71, 80 və 130 kq-da yunan-Roma güləşçiləri, sentyabrın 9-da isə 85 kq-da yunan-Roma, 48, 53 və 69 kq-da qadın güləşçilər yarışacaq. Yarışların dördüncü günündə 55, 58, 63 və 75 kq qadın, 65 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq. 60 kq çəkidə qadın, 61, 86 və 97 kq çəkidə sərbəst güləşçilər sentyabrın 10-da xalça üzərinə çıxacaq. Çempionatın son günündə isə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcəsində pəhləvanlar yarışacaq.
Məlumat üçün bildirək ki, Las-Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcək.