Artıq üçüncü dəfə təşkil olunan stolüstü tennis üzrə ən nüfuzlu mükafatların təltifat mərasimi bu ilin sonunda Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək və bununla da 2015-ci ilin mövsümünə yekun vurulacaq.
Azərbaycanın Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, dekabrın 9-na planlaşdırılan tədbirdə ən yaxşı oyunçulara, məşqçilərə və stolüstü tennisin digər tanınmış ulduzlarına mükafatlar təqdim olunacaq və sonradan nüfuzlu Dünya Turunun Qrand-Final mərhələsi keçiriləcək.
Federasiyanın marketinq üzrə direktoru Stiv Deynton bildirib ki, "Bu idman tədbiri get-gedə populyarlaşır və “İlin ulduzları”nın nüfuzu daha da artır. Biz ilin sonunda gözəl Lissabona səfər edib bu şəhərdə də Dünya Turunun Grand-Final mərhələsini təşkil edəcəyik. Bu il 8 nominasiya oynanılacaq. Kişilər, qadınlar, məhdud imkanlı idmançılar və məşqçilər arasında keçirilən ənənəvi nominasiyalara bu il “İlin kəşfi” mükafatı da əlavə ediləcək, eləcə də “Fair Play” (ədalətli oyun) qalibləri müəyyənləşəcək.