Xalqımızın 30 il ərzində əsas arzusu torpaqlarımızın işğaldan azad olunması idi.
Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respubliasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının Prezidenti Mədət Quliyev bildirib.
O qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti məharətlə davam etdirən möhtərəm Prezident İlham Əliyev sayəsində bu arzumuz artıq gərçəkləşib: "Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə müxtəlif sahələrdə infrastrukturlar yaradılaraq, böyük qayıdışla bağlı proseslər davam etdirilir. Bütün bunlarla yanaşı, həmçinin, möhtəşəm Zəfər yolu çəkilib. Velosiped idman növü, bildiyiniz kimi, qapalı şəraitdə deyil, məhz açıq şəraitdə həyata keçirilir. Sabah da biz güclü idmançılarımızla Zəfər yolunda "Əziz Şuşa" beynəlxalq velosiped turnirinin 2-ci hissəsini həyata keçirəcəyik".
Nazirin sözlərinə görə, sabah idmançılar Füzuli hava limanından Şuşayadək velosipedlə gedəcəklər.
"Hava limanından Şuşaya qədər olan məsafə 71 kilometr təşkil edir. Düşünürəm ki, peşəkar idmançılar üçün Zəfər yolunda velosipedlə yürüş etmək onlara böyük zövq bəxş edəcək. Bundan sonra çalışacağıq ki, belə turnirlər ənənəvi xarakter daşısın", - deyə nazir bildirib.