"Bugünkü reallıqda Azərbaycan futbolunu, futbolçularını yaxşı heç nə gözləmir".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
50 yaşlı mütəxəssis çatışmazlıqların və problemlərin çox olduğunu söyləyib: "Komanda olaraq "Qarabağ" hansısa uğura imza atıb. Amma hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur. İldən-ilə geriyə gedirik. Mən bunu hiss edirəm. Hamımız akademiyaların və aşağı yaş qruplarının düzgün idarə olunmadığını dildə deyirik. Elə "Qarabağ" klubunda da aşağı yaş qrupları süni ot örtüyündə məşq edirlər. Bunları düzəltməsək, bizi heç də yaxşı şeylər gözləmir. Bəzi məsələləri qaydasına salmalıyıq. Çox geridə qalmışıq. Avropa beş addım irəliləyirsə, biz bir addım geri düşürük. Futbolumuzun inkişafı üçün böyük addımlar atmalıyıq və iş prinspini dəyişməliyik. Bu, bütün klublara və milli assosiasiyaya aiddir".