Bir şəkilin tarixçəsi

Bir şəkilin tarixçəsi backend

O gün dostlar futbol üzrə SSRI yığma komandasının 1988-ci ildəki heyətinin şəklini paylaşmışdılar, altında da yazmışdılar ki, heyətdə yeddi ukraynalı, 2 belarusiyalı və iki rus futbolçu - Rinat Dasayev və Vagis Hidiyatullin - var.

Statusun məzəsi ordaydı ki, adları “rus” kimi qeyd olunan Vagis və Rinat da heç rus deyillər, ikisi də tatar balasıdır, sadəcə, Rusiya klublarında oynayırdılar. Hərçənd onlar o vaxt rusdan artıq rus idilər və ikisində də qəribə bir yekəbaşlıq vardı. İkisi də hikkəliydi. Dasayev bir dəfə Bakıda məğlub olduqları matçda “oyunun ən yaxşısı” seçilsə də, acıq eləyib mükafatı götürməmişdi, hətta, deyəsən, təpik atmışdı (bunu o vaxt idman qəzetləri üstüörtülü şəkildə yazdılar – “idmançıya yaraşmayan hərəkətlər edən R.Dasayev…”).

Hidiyatullin isə formasını həmişə səliqəsiz geyirdi, köynəyi qəsdən şortunun içinə salmırdı (o vaxtlar sovet futbolunda qayda beləydi ki, köynək şortun içində olmalıdır) və buna görə sari kart alırdı, bir də indiki Pepe və Serxio Ramos kimi kobud oynayırdı.

Bunlar heç. Əsas odur ki, 1988-ci ildə Avropa çempionatının gümüş medalını qazanan futbolçuların çoxu Rusiyadan yox, müttəfiq respublikalardan olanlar idi. Həmin heyətdə gürcü və latış futbolçu da vardı. Heyətdə hətta ruslar da təmsil olunurdu, intəhası, Lobanovski onları oynatmırdı, yazıqlar ehtiyat oyunçular skamyasında otururdular. (Oynayanda da yarıtmırdılar, düzü, əfəl-əfəl ora-bura qaçırdılar).

Amma o vaxt bu heyət bütün dünya üçün “rus komandası” idi, heç kim detallara varmırdı ki, bu, ukraynalıdır, o belorusdur, bu biri gürcüdür, filandır. Necə ki, indi biz ABŞ-ı təmsil edən komandaların üzvlərinin hansının irland, hansının ingilis, hansının italyan və ya yamaykalı olduğunu dəqiqləşdirmirik və hamısını “amerikalı” kimi qəbul edirik, yaxud da Fransa yığmasının əsas heyətindəki 11 fitbolçunun yeddisinin qaradərili olduğunu görə-görə hamısına “fransız” deyirik, eləcə də o vaxt ətraf dünya üçün biz hamımız “rus” idik.

 

Şəkili paylaşan qardaş həm də onu vurğulamaq istəyir ki, döyüşkənliyə, mübarizəyə, hünərə, qeyrətə qalsa, ukraynalılar SSRİ-də həmişə ruslardan bir santim üstün olublar. Gerçəkdən də sovet futbolunun yükü həmişə Ukraynadan çıxan futbolçuların çiynində olub – Bloxindən Belanova qədər. Güləşdə, digər əlbəyaxa döyüş növlərində olimpiya medallarını əsasən dağıstanlılar, çeçenlər və azərbaycanlılar qazanıb. Ağırlıqqaldırmada bir ara bütün SSRİ gözünü erməni Yurik Vardanyana dikmişdi. “Sovet basketbolu” deyəndə ilk yada düşən latış Arvidas Sabonis olurdu. Şahmat və o biri idman növləri də aşağı-yuxarı, eləcə. Ruslarınkı hokkey idi.

Sovet dövlətini idarə edən Siyasi Büronun tərkibi çoxmillətli olduğu vaxt dövlət necə güclüydüsə, idman komandalarının heyəti də çoxmillətli olanda elə güclüydü. Sonra Siyasi Büroda da “ruslaşdırma” siyasəti yeridilməyə başladı, idman və incəsənət sahəsindəki komandalarda da. Nəticəsi uğursuz oldu.

Çoxmillətli ölkə olanda gərək ayrı-seçkilik etməyəsən, etdinsə, büsat dağılır.

Ona görə də bu gün Belanov oğlu ilə birlikdə əlində silah Odessada səngərdədir, gözləyir ki, rus desantı sahilə çıxsa, doqquzluğundan güllə qoysun.

Tengiz Sulakvelidze, əl-əlbət, 2008-ci ilin avqustunu unutmayıb. O vaxt az qalmışdı rus tankı onun doğma Kutaisi şəhərini tırtılının altına alsın.

Axtarsan, məlum olar ki, Demyanenko, Litovçenko və Mixayliçenko da hazırda Moskvaya qarşıdır və öz ölkələrinin şərəfini qoruyurlar; Andrey Balın yediyi-içdiyi zəhərə dönüb; Sergey Baltaça başa düşür ki, balta zamanı deyil, ABŞ-daın hindu baltası (yəni “Tomohavk”) gəlməlidir; bombardir olaraq “Qızıl butsı” mükafatı alan dnepropetrosklu Oleq Protasov da, yəqin ki, rus təyyarəsinin bombarmanından qaçaraq başını hansısa sığınacağa soxub.

Ancaq tapıb danışdırsaq, bəlkə də Dasayev və Hidiyatullin “Putin prav” deyərlər, əlləri ilə havada Z işarəsi çəkərlər.

musavat.com

Diaspora