Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.
"Report"un məlumatına görə, çempionluğu əvvəlki turlarda təmin etmiş "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib.
"Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Köhlən atlar"ın qollarını 4-cü dəqiqədə Filip Ozobiç, 11-ci dəqiqədə Patrik Andrade, 31-ci dəqiqədə İbrahima Vadji, 30 və 52-ci dəqiqələrdə Kadi Borges vurub.
Ağdam təmsilçisinin sadiq fanatlarından hesab edilən "İmarət" azarkeş qrupunun üzvləri 7-ci dəqiqədə tribunadan ayrılıblar. Polislərlə mübahisə edən fanatlar "Azarkeş heç vaxt terrorçu deyil" şüarı səsləndiriblər.
"Qarabağ" qələbə sayəsində xallarının sayını 63-ə çatdırıb. "Gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.