Azərbaycan Hava və Ekstemal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) dəstəyi ilə Qusarın Ləzə kəndində təşkil olunan Marşrutqurma və Bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi işini müvəffəqiyyətlə başa vurub. Bu barədə Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
İdman qayayadırmanması sahəsində təcrübəsi olan 50 nəfərdən çox yerli və xarici idmançıya bir həftə ərzində beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən təlim keçirilib. Düşərgədə idmançılar idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üzrə biliklərə yiyələnib, nəzəri və praktik məşğələlərdə iştirak edib. Təlim müddətində, eyni zamanda Gürcüstan, İran, Türkmənistan, Türkiyə, və Azərbaycandan olan düşərgə iştirakçıları arasında təcrübə mübadiləsi aparılıb, idman dırmanması sahəsində müasir dünya təcrübəsi öyrənilib.Qeyd edək ki, tədbir çərçivəsində “Qayalarımızı qoruyaq” devizi altında birləşən iştirakçı gənclərin diqqəti xüsusi olaraq ətraf mühitin mühafizəsinə, dağlarımızın qorunmasına, dağçılıqda etik davranışın önəminə yönəldilib, onlarla dağ turizminin inkişafı üçün Azrəbaycanın potensial imkanları ətrafında müzakirələr aparılıb.
Tədbir ərəfəsində bir qrup iştirakçı “Qayalarımızı qoruyaq” adlı plakatı Şahdağ zirvəsinə qaldırıb.
Beynəlxalq Düşərgənin işini yekunlaşdırması ilə əlaqədar Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas tərəfindən iştirakçılar üçün xüsusi təqdimat keçirilib. Cənab Piter Farkas və digər xarici mütəxəssislər bu tədbirdə FAİREX-in təşkilatçılğını yüksək qiymətləndirib, qeyd edilib ki, Beynəlxalq Düşərgənin Azərbaycanda təşkil edilməsi azərbaycanlı gənclərin dağ idman növlərinə marağının artmasına, dağ bələdçilərinin hazırlıq səviyyəsinin yüksəlməsinə və dağ ekosistemlərinə daha həssas yanaşmalarına şərait yaradacaq.
Tədbirin sonunda təlim iştirakçılarına FAİREX-in və UİAA-nın sertifikatları təqdim edilib.