Kayakçımız Yay Olimpiya oyunlarında iştirak edəcək

Kayakçımız Yay Olimpiya oyunlarında iştirak edəcək backend

Azərbaycan kayakçısı İnna Osipenko Rodomska 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazana bilər. Bunun üçün 33 yaşlı idmançının İtaliyanın Milan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə final yürüşündə 8-ci yeri tutması da kifayət edir.

Bu barədə QAZİLER.AZ-a Milli Avarçəkmə Federasiyasından məlumat verilib. Başqa sözlə, Osipenko-Rodomska 9 iştirakçı arasında sonuncu olmamalıdır. Təcrübəli kayakçı seçmə yürüşdə Zoya Manayeva (Moldova), Marina Toribonq (Palau), Tereza Portela (Portuqaliya), Ninetta Vad (Macarıstan), Sofiya Yurçenko (Belarus), Jiexian Stefani Çen (Sinqapur) və Mereana Hodces (Kuk adaları) ilə mübarizədə 41,731 saniyə nəticə ilə birinci yeri tutub. O, ilk "6-lığ"a düşməsi səbəbindən yarımfinala yüksəlib.

Növbəti yürüşdə Azərbaycan təmsilçisi Yusmar Menqana Rodriges (Kuba), Nikolina Moldovan (Serbiya), Martina Koxlova (Slovakiya), Sabrina İnes Amegino (Argentina), Ancela Anna (Böyük Britaniya), Olqa Umaraliyeva (Özbəkistan), Cennifer Eqan (İrlandiya) və Marta Solhauqla (Norveç) yarışıb. Bu dəfə də o, finişə birinci çataraq, 40,671 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. İlk 2 yerdən birini tutduğundan, Osipenko-Rodomska adını finişə yazdırıb. 23 avqust saat 13:10-da keçiriləcək həlledici yürüşdə rəqiblər Ninetta Vad (Macarıstan), İnna Klinova (Qazaxıstan), Tereza Portela (İspaniya), Marta Valçikyeviç (Polşa), Liza Karrinqton (Yeni Zelandiya), Yusmar Menqana Rodriges (Kuba), Sara Quyo (Fransa) və Natalya Podolskaya (Rusiya) olacaq.

Qeyd edək ki, İnna Osipenko-Rodomska daha öncə 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə 5-ci yeri tutaraq, Rio-2016-da iştirak hüququ qazanıb. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 6-cı yeri tutan Valentin Demyanenko da eyni hüquqa yiyələnib. Azərbaycanın olimpiya məsafələrindəki digər təmsilçiləri isə yarımfinal səddini adlaya bilməyiblər. Qeyri-olimpiya məsafələrində ən yaxşı nəticəni isə 2 nəfərlik kanoe qayığı (K-2) ilə 500 metr məsafəyə yürüşlərə qatılan Sergey Bezuqlıy - Aleksey Kupin dueti göstərib. Onlar əsas finalda 1 dəqiqə 44,522 saniyə nəticə ilə 6-cı yeri tutaraq, medalsız qalıblar.
Diaspora