İranın Urmiya şəhərində keçirilən 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vuran Azərbaycan karateçiləri yarışın sonuncu günündə daha 5 medala sahib olublar.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Niyazi Əliyev (67 kq) ilə Asiman Qurbanlı (84 kq-dan yuxarı) şəxsi yarışlarda, Rafiq Əmirov katada, müxtəlif yaş qruplarından ibarət heyət katada, milli komandanın əsas və əvəzedicilərindən ibarət heyəti isə komanda kumite yarışlarında bürünc medal qazanıblar.
Gənclərdən ibarət heyət iranlı həmyaşıdları ilə komanda yarışlarında bürünc medal uğrunda həlledici görüşdə hakimlərin ədalətsiz qərarı ilə üzləşiblər. Pənah Abdullayev (84 kq) fərdi yarışlarda bürünc medal uğrunda qarşılaşmada hesabda irəli olsa da, başından aldığı ağır zərbə nəticəsində mübarizəni davam etdirə bilməyərək medalsız qalıb.
Beləliklə, ənənəvi Urmiya kubokunda iştirak edən Azərbaycan karateçiləri 2 qızıl, 1 gümüş və 10 bürünc medalla 7 ölkə arasında ümumi komanda hesabında İran və Türkiyədən sonra üçüncü nəticə göstəriblər.