"Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamırdılar".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.
O, 5:0 hesablı qələbə ilə (ilk oyun - 3:1) finala yüksəlmələrini belə şərh edib: "Futbolçularım bu gün finala çıxmağa göstərdikləri oyunla və yanaşmaları ilə layiq idilər. İnanıram ki, finala da istəkli hazırlanacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı".
Q.Qurbanov AFFA İcraiyyə Komitəsinin bügünkü qərarlarına da münasibət bildirib: "Bəzən belə suallardan uzaq olmaq istəyirəm. Amma fikirlərimi də bildirməliyım. Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur".
O, açıqlanan qərarlarda klubların fikrinə əhəmiyyət verilmədiyini qeyd edib: "Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır. Klublara məlumat gəlmişdi ki, bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, ona uyğun da işimizlə məşğul olmuşuq. Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər".
50 yaşlı mütəxəssis bundan sonra ümumiyyətlə fikir bildirməyəcəyini deyib: "Fikirlərinizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq".
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin bu gün açıqlanan qərarına əsasən, yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək və çempionatda əvəzetmə sayı da dəyişdirilməyəcək. Həmçinin, gənc futbolçular üçün yaş limiti ləğv olunacaq.