Azərbaycan karateçiləri İranda keçirilən 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vurublar. Urmiyada əvvəlcə yeniyetmə və gənclərin yarışına qatılan idmançılarımızdan Roman Heydərov və Həsən Rüstəmov (16-17 yaşlılar) kata yarışlarının finalında görüşüblər. Daha təcrübəli R.Heydərov turnirin qalibi olub. Hümmət Baxşəliyev (-57 kq) isə yeniyetmələr arasında çempion olub.
Yeniyetmələrdən Əli Quliyev (-70 kq), 16-17 yaşlı gənclərdən Mircəlal Ələsgərov (-55 kq), Elcan Məmmədrzayev (- 61 kq), İsa Məmmədov və Murad Balakişiyev (hər ikisi -68 kq) isə bürünc mükafatlara sahib olublar.
Küveyt, Əfqanıstan, Türkiyə, Fransa, İran və İraqın əsas komandalarının da qatıldığı “Urmiya Kuboku” yarışının ikinci günündə böyüklər arasında fərdi və komanda görüşləri keçiriləcək.
Ümumi mükafat fondu 30 min dollar olan turnirin fərdi döyüşlərindən əlavə, Azərbaycan 2 kumite və 1 kata komandası ilə də təmsil olunacaq. Turnirdə əsas milli komandanın bir neçə üzvü və əvəzedici heyətin idmançıları iştirak edir. Karateçilər avqustun 23-də Vətənə qayıdacaqlar.