“Hər mövsüm qarşımıza ən yüksək pilləni hədəf kimi qoyuruq. Bütün oyunlara maksimum qələbə hissi ilə çıxırıq. Hər matçda daha yaxşı oynamaq istəyirik. Qarşıdakı 13 xalı düşünmürük. Matçın erkən saatlarda keçirilməsi oyunun tempini aşağı sala bilər. Ancaq layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdırmaq barədə fikirləşməliyik. Millinin oyunları ilə əlaqədar futbolçuların çoxu bizimlə birgə olmadığından, bir az narahatlığım var idi. Sevindirici haldır ki, hər şey qaydasında oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail"ə 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, oyunçular yığmanın düşərgəsinə yollanmamışdan öncə daha yaxşı durumda idilər: "Hər bir halda problemlər, narahatlıq var idi. Bəzi oyunçuların yorğunluğu, idman formasından uzaqlaşması bizi düşündürürdü. Bir neçə məşq buraxmışdılar. Onların yenidən formaya düşməsi üçün vaxt lazım olacaq".
Q.Qurbanov bu gün dubl edən Leandro Andrade haqda da danışıb: "Hər şey yaxşılığa doğru gedir. Futbolçularla ünsiyyəti, münasibəti yaxşıdır. Bu, vacib amildir. Bacarığı oyun üslubumuza uyğundur. Şanslardan yaxşı istifadə edə bilir. Potensialı böyükdür. O, xarakter olaraq daha da böyüməlidir. Ümid edirik ki, bizim üçün daha faydalı olacaq".