Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının təşkilatçılığı ilə (UİAA) Qusarın Ləzə kəndində təşkil olunan Beynəlxalq Gənclər Düşərgəsinin açılışı olub. Bu barədə Trend Azərbaycan Havavə Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verib.
Açılış mərasimində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Firdovsi Əliyev, Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımov iştirak edib.Türkiyə, Gürcüstan, İran, Türkmənistan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçirilir. Düşərgəyə qatılan gənclər isə burada yaradılmış şəraitdən, eləcə də beynəlxalq səviyyəli məşqçilər tərəfindən keçirilən təlimlərdən razılıq ifadə ediblər.
Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas mərasimdə çıxışı zamanı bildirib ki, Beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil, çünki, FAIREX tərəfindən Azərbaycanda ekstremal idman növlərinin inkişafı istiqamətində xeyli işlər görülüb.
Qeyd edək ki, düşərgədə idman qayayadırmanması sahəsində təcrübəsi olan 50 xarici və yerli idmançı təlim keçir və düşərgə iştirakçıları beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnir, Azərbaycanın təbii gözəlliyi, ölkənin dağçılıq turizminin inkişaf perspektivləri və mövcud potensialı ilə yerində tanış olmaq imkanı qazanırlar.
Xatırladaq ki, düşərgədə təlimlər avqustun 23-dək davam edəcək və sonda iştikarçılara sertifikatlar veriləcək.