“Dünya idmanının yenilik xarakteri daşıyan təkrarolunmaz hadisəsi - Avropa Oyunları haqqında qarşınızda çıxış etməkdən şərəf hissi duyuram. Bu Oyunlar Avropa qitəsinin ilk çox idman növlü yarışması olacaq. Həmin yarışlar iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropanın 50 ölkəsindən 6 mindən çox atlet yarışlara qatılacaq”. QAZİLER.AZ saytının APA-ya istinadən məlumatına görə, bu sözləri Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
O qeyd edib ki, Avropada idmana nəinki yeni prizmadan baxılır, o cümlədən Avropa Oyunlarını keçirməklə, idman hərəkatına əlavə məzmun verilir: “Ənənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayaraq, biz eyni zamanda, həmin yeni eranı da alqışlayırıq. Avropa hər zaman ənənəvi Olimpiya Oyunlarının beşiyi olub. Şimali Amerika, Okeaniya, Asiya və Afrikanın hamısını bir yerdə götürərək, 120 il ərzində Avropada daha çox idman yarışları keçirilib. İnkişaf edən dünyada vəziyyət sürətlə dəyişir. Son 20 il ərzində 10 olimpiya oyunu keçirilib. Onlardan yalnız üçü Avropada baş tutub. Növbəti dörd olimpiya oyunundan heç biri Avropada keçirilməyəcək. Lakin bununla belə bu, qlobal iqtisadi çiçəklənmənin təzahürüdür və idmanın müsbət dəyişikliklərə səbəb olduğunu nümayiş etdirir. Bu, əlbəttə ki, çox yaxşı haldır”.P. Hikki bildirib ki, qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir. Onun sözlərinə görə, Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq: “Bu Oyunlar çox innovativ olacaq və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. Onların sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar. Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar.
İdman sahəsinə gəldikdə, əvvəlcə yarışmalarda olmayan yeni idman növləri əlavə ediləcək. Məsələn, üçlük basketbol, çimərlik voleybolu, karate və sair”.
Avropa Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək. “Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-aliləri prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də onun Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib”, - deyə o vurğulayıb.
İdmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğunu deyən P. Hikki qeyd edib ki, “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq: “Prezident həmçinin Bakıda keçiriləcək digər yarışları da qeyd etdi. Prezident İlham Əliyevin bir fikrini yüksək dəyərləndirirəm. O deyir: “Siz 2015-ci ildə Azərbaycanda Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”. Bu sözlərlə mən bu çiçəklənən ölkəni sizə xatırlatmaq istərdim. Bakıda keçiriləcək idman tədbirlərinin təqviminə gəldikdə, bunu bacarıqlı yerli kadrlar təşkil edəcək. “Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Lakin 2019-cu ildəki Oyunlar Bakıda bu yarışmanın tam təkrarı olmayacaq. Avropa Olimpiya Komitəsinin məqsədi Avropa Oyunlarını bütün şəhərə uyğun təşkil etməkdir, əksinə yox. 2019-cu ildəki Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar bu ilin may ayına qədər elan olunacaq. Seçilmiş şəhər “Bakı-2015” Təşkilat Komitəsi ilə əhatəli şəkildə təcrübə mübadiləsi aparacaq. Bu, çox dəyərlidir, çünki Bakıda ən yaxşı praktiki modellər hazırlanıb. Adətən Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə 7 il müddət verilir. “Bakı-2015” yarışması üçün cəmi 30 ay vaxt verildi. Zati-aliləri cənab prezidentin mövqeyi Azərbaycan və Avropa Olimpiya Komitəsi üçün tarixin yazılmasında misilsizdir. Şübhə etmirəm ki, ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq”.