Abramoviç "Çelsi"ni satır - "Ukraynaya yardım edəcəm..."

Abramoviç "Çelsi"ni satır -  "Ukraynaya yardım edəcəm..." backend

İngiltərənin "Çelsi" klubunun satışından əldə olunacaq gəlir Ukraynadakı müharibə qurbanlarına xərclənəcək.

"Report"un məlumatına görə, bu barədə London təmsilçisinin sahibi Roman Abramoviç klubun rəsmi saytına açıqlama verib.

Rusiyalı iş adamı bildirib ki, artıq bununla bağlı xeyriyyə fondu təsis etmək tapşırığı verib: "Fond müharibədən əziyyət çəkən insanların ehtiyaclarını ödəmək üçün kritik vəsaitlərin təmin edilməsi, eləcə də uzunmüddətli bərpa səylərinin dəstəklənməsi ilə məşğul olacaq".

Son vaxtlar mətbuatda özü haqqında yayılan xəbərlərə də aydınlıq gətirən Abramoviç hər zaman klubun maraqlarından çıxış edərək qərarlar qəbul etdiyini söyləyib: "Ona görə klubu satmaq qərarına gəldim, bu, azarkeşlərin, işçilərin, həmçinin sponsorların və tərəfdaşlarının maraqlarına uyğundur. Satış sürətləndirilməyəcək, hər şey müvafiq prosesə uyğun həyata keçiriləcək. Mən heç bir kreditin qaytarılmasını tələb etməyəcəyəm. "Çelsi"yə heç vaxt biznes kimi yanaşmamışam. Hər şey oyuna və kluba sevgimlə bağlı olub".

O, qərarın kifayət qədər çətin olduğunu söyləyib: "Klubdan bu şəkildə ayrılmaq məni incidir. Bununla belə, qərarımın klubun maraqlarına uyğun olduğuna inanıram. Hamınızla şəxsən vidalaşmaq üçün sonuncu dəfə "Stemford Bric" stadionuna baş çəkə biləcəyimə ümid edirəm. "Çelsi"nin bir hissəsi olmaq əla hissdir. Birlikdə əldə etdiyimiz bütün nailiyyətlərlə fəxr edirəm. Komanda və azarkeşlər hər zaman ürəyimdə olacaq".

Qeyd edək ki, Roman Abramoviç "Çelsi" klubunun səhmlərini 2003-cü ildə alıb.

Diaspora