Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, iclasın gündəliyinə əsasən, nazirliyin 2022-ci ilin mart ayı üçün perspektiv iş planı müzakirə olunaraq təsdiqlənib.
Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə, eləcə də müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınaraq bir qrup mütəxəssisə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adları verilməsi qərara alınıb.
İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, “Azərbaycan Şahmat Federasiyası” İB, “Azərbaycan Atıcılıq Federasiyası” İB, “Azərbaycan Stolüstü Tennis Federasiyası” İB, “Azərbaycan Triatlon Federasiyası” İB akreditasiyadan keçiblər.
Bundan başqa, “Azərbaycan Peyntbol Federasiyası” İB, “Otüstü Hokkey Federasiyası” İB və “Azərbaycan Turan Do Federasiyası” İB fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz olduğundan federasiya statusları ləğv edilib.
Sonda nazir Fərid Qayıbov Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin qərarına əsasən, qurumun Fəxri Fərmanı ilə təltif edilmiş, nazirliyin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovaya həmin mükafatı təqdim edib.