“Welt am Sonntag” nəşrində verilən məlumata görə, UEFA-nın rəhbəri Mişel Platini barəsində tənqidi dosye meydana çıxması ilə əlaqədar Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edərək müvafiq təhqiqat aparılmasını xahiş edib.
AZƏRTAC həmin nəşrə istinadla xəbər verir ki, FİFA-nın qərargahından KİV-lərə “Platini: şkafda skelet” adlı dosye göndərilib və bu məlumatların çap olunması xahiş edilib. Müəllifi göstərilməyən dosyedə Platininin FİFA prezidenti vəzifəsinə yararlı olması şübhə altına alınır.
UEFA-nın baş katibi Canni İnfantino FİFA-nın baş katibi Jerom Valkeyə sorğu göndərərək bu dosyenin meydana çıxmasının təhqiq olunmasını xahiş edib.
Mişel Platini FİFA prezidenti vəzifəsinə namizədlərdən biridir. Hazırda FİFA-nın rəhbəri Yozef Blatterdir. Bu il mayın 29-da keçirilmiş seçkilərdə qalib gələndən sonra Blatter istefaya çıxmağı qərara aldığını elan edib.
Təşkilatın reqlamentinə əsasən növbəti seçkilərə qədər Blatter Federasiyanın prezidenti vəzifəsini icra edəcək.