Məlumat verdiyimiz kimi, Portuqaliya Qran Prisində iştirak etmək üçün bu ölkənin Almada şəhərinə yollanan cüdo üzrə milli yığmamızın heyətinin bəzi üzvlərində PCR testin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmayıblar.
İkinci dəfə götürülən testdən sonra nəticələri neqativ olan aşağıdakı cüdoçular sabah başlayan yarışda Azərbaycanı təmsil edəcəklər:
-60 kq
Balabəy Ağayev
Rövşən Əliyev
-100 kq çəki
Adil Kərimli
+100 kq
Uşanqi Kokauri
İmran Yusifov
Aşağıdakı heyət üzvləri qeyd edilən səbəblərdən yarışda iştirak edə bilməyəcəklər:
-66 kq
Yaşar Nəcəfov – Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib
-73 kq
Nəriman Mirzəyev – Bakıda 24 yanvarda verilən testin nəticəsi pozitiv olduğu üçün Portuqaliyaya göndərilməyib
Zaməddin Poladov – Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib
-81 kq
Zelim Tçkayev – Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, Portuqaliyada ilk test neqativ, ikinci test pozitiv olduğu üçün yarışa buraxılmayıb
-90 kq
Rüfət İsmayılov – Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib
-48 kq
Aydan Vəliyeva – 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.
Şəfəq Həmidova – 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.
-52 kq
Səbinə Əliyeva – 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.
Bundan başqa, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət milli yığmanın böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi pozitiv olduğu üçün yarışa buraxılmayıblar.
17:39
Azərbaycan Cüdo Federasiyası Portuqaliyada koronavirusa yoluxmuş millimizlə bağlı məlumat yayıb.
Oxu.Az həmin məlumatı olduğu kimi diqqətə çatdırır:
“Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli yığma komanda heyəti 26 yanvar 2022-ci ildə Portuqaliyanın Almada şəhərində 28-30 yanvar 2022-ci ildə keçiriləcək Qran Pri turnirində iştirak etmək üçün adıçəkilən şəhərə yola düşüb.
Səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, vaksin edilmiş heyət üzvlərindən bir dəfə, vaksin olunmamış heyət üzvlərindən isə (cəmi 3 nəfər) iki dəfə PCR testi götürülmüş, müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilmiş və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra PCR test nəticələri neqativ çıxan heyət üzvləri Portuqaliyaya yola düşmüşlər.
BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan milli yığmasının üzvləri dünən Portuqaliyanın Almada şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrdən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda neqativ PCR nəticəsi olan bəzi heyət üzvlərimizdə bu dəfə pozitiv nəticə açıqlanmışdır.
BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə daxil edilir. Qeyd edək ki, hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri Portuqaliya dövlət qaydalarına əsasən 7 günlük karantinə alınıblar.
Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi məsələ yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.
Qeyd edək ki, pozitiv PCR nəticələri tək Azərbaycanı təmsil edən idmançılarda deyil, digər ölkələrin idmançılarında da aşkar edilib və onlar da yarışlardan kənarlaşdırılıb.
Azərbaycan milli yığmasında pozitiv PCR testi olan heyət üzvlərinin sayı 2 (iki) nəfərdən çox olduğundan, ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərimizdən yenidən PCR testi götürülüb. Həmin testlərin nəticəsinə əsasən, sabahdan başlayacaq yarışlarda hansı təmsilçilərimizin mübarizə aparacağı dəqiqləşəcək. Bu məlumat bəlli olduqdan sonra adıçəkilən yarışda Azərbaycanı təmsil edəcək heyət üzvləri barədə ayrıca məlumat veriləcək”.
16:58
Portuqaliyanın Almada şəhərində keçiriləcək cüdo üzrə Qran Pri yarışı öncəsi millimiz pis vəziyyətlə üzləşib.
Oxu.Az Portuqaliyanın məşhur idman qəzeti olan “A Bola”ya istinadən xəbər verir ki, Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Məlumatda Azərbaycan nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlandığı, 9 nəfərin isə peyvənd olunmadığı bildirilir.
Azərbaycan Cüdo Federasiyası bununla bağlı yaxın dəqiqələrdə məlumat yayacağını bəyan edib.
Qeyd edək ki, 28-30 yanvar tarixlərində keçiriləcək yarışda Uşanqi Kokauri istisna olmaqla, cüdo millimizin ehtiyat heyəti yarışa yollanıb. Həmin 13 idmançı kişilərdə Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi -60 kq), Yaşar Nəcəfov (-66 kq), Zaməddin Poladov (-73 kq), Zelim Skayev (-81 kq), Rüfət İsmayılov (-90 kq), Adil Kərimli (-100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq), qadınlarda Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi -48 kq) və Səbinə Əliyevadır (-52 kq).