"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdikləri yoxlama görüşləri barədə danışıb.
Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəsssis "Slyonsk"a (Polşa) 2:3, "Baçka Topola"ya 0:1 hesabı ilə uduzduqları matçlar haqqında klub televiziyasına açıqlama verib. O komandasından razı qaldığını bildirib:
"Bu, futbolçuların yüklənməsinin sonuncu günü idi. Yaxşı rəqiblərə qarşı oynadıq. Hər iki matçda hiss olunurdu ki, rəqiblər fiziki olaraq bizdən daha hazırlıqlıdır. Oyunçular iki görüşdə 90 dəqiqə dinamik futbol oynadılar. Rəqiblər bizi buna məcbur etdi. Razı qaldığım məqam bəzi futbolçuların 90 dəqiqə meydanda olması idi. Oyunda sürət də yüksək oldu. Qarşılaşmadan sonra fiziki göstəricilərə baxdıq, bəzilərində maksimal sürət çox yuxarı idi. Buna dözdülər. Mən də bundan razı qaldım. Futbolçular qarşıdakı iki gündə yaxşı istirahət edəcəklər və bərpa məşqləri olacaq. Son yoxlama görüşümüzdə daha yaxşı formada olacağımıza inanıram. Ola bilsin ki, son 15-20 dəqiqədə yorğunluq hiss olunsun. Amma buna baxmayaraq, lazım olan epizodlarda sürəti qaldıra bilirdilər. Çətin idi. Ancaq hər halda bu, normaldır. Əvvəlki günlərdə çox yüklənmişdik. Hazırlığımız düşündüyümüz plan üzrə gedir".