“Yenidən 4 il müddətinə mənə bu federasiyanın rəhbərliyini aparmaq etimad göstərildi. Buna görə təşəkkürümü bildirirəm”.
Oxu.Az-ın xəbərinə görə, bunu Stolüstü Tennis Federasiyasının prezidenti, Baş nazirin müavini Şahin Mustafayev deyib.
Şahin Mustafayev federasiyada görüləcək planlardan danışıb:
“Biz bu idman növünün inkişafı üçün proqram hazırlayırıq. Stolüstü tennisə maraq böyükdür. Hətta bu yaxınlarda veteranların yarışını keçirdik. 75 yaşlı bir şəxs yarışda iştirak etmək istədiyini bildirdi. Bu bizi sevindirdi.
Bütün regionlarda stolüstü tennisi inkişaf etdirmək istəyirik. Klubların sayını artırmağı, məktəblərdə bu idman növünü təşviq etməyə çalışacağıq.
Planlarımızda maddi-texniki bazanın təkmilləşdirilməsi, məşqçilərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.
Maddi-texniki bazanın sıfırdan qurulması da mümkündür. Həmçinin mövcud infrastrukturun təkmilləşdirilməsi də planlar arasındadır. Söhbət təkcə Bakıda bu infrastrukturun qurulmasından getmir, bu, bölgələrimizdə də reallaşdırıla bilər.
Əyləncə mərkəzlərində stolüstü tennis avadanlıqlarını quraşdırmaq istəyirik. Bu avadanlıqlar çox böyük xərc tələb etmir. Biz bunları təmənnasız əyləncə mərkəzlərinə təqdim etməyə hazırıq. Yetə ki, insanlar rahat stolüstü tennis oynaya bilsinlər".