Dünya çempionu Dövlət Komitəsinin sədri ilə görüşüb

Dünya çempionu Dövlət Komitəsinin sədri ilə görüşüb backend

ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı idmançı, qaydasız döyüş üzrə ABŞ, Avropa və dünya çempionu Elgün Xanoğlanlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Komitədən Qaziler.az-a verilən məlumata görə, Muradov Xanoğlanlını noyabrın 30-da Tunisin Hammamet şəhərindəki budo döyüş sənəti (qaydasız döyüş) üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

O bildirib ki, 45 ölkədən yüzlərlə döyüşçünün iştirak etdiyi yarışda azərbaycanlı idmançının fəxri kürsünün ən yüksək pilləsinə qalxması Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Sədr Azərbaycanın 11 idmançı ilə qatıldığı beynəlxalq yarışda 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanmasını yüksək qiymətləndirib.

Qəbula görə təşəkkür edən Elgün Xanoğlanlı 2019-cu ildən başlayaraq beynəlxalq yarışlara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatıldığını söyləyib. Dünya çempionu Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşəkkürnaməsini Fuad Muradova təqdim edib.

Qeyd edək ki, Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. Xanoğlanlı 2010 - 2012-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb və 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb.

Diaspora