“Azəryol” voleybol klubunda baş məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar az öncə keçirilən klubdaxili iclasda verilib. Belə ki, toplantıda komandanın çıxışını müzakirə edən klub rəhbərliyi Çempionlar Liqasının I pley-off mərhələsinin ilk qarşılaşmasında İtaliya “Yamamay”ına 1:3 hesablı məğlubiyyəti uğursuzluq kimi qiymətləndirib. Bu səbəbdən cavab oyunu ərəfəsində mərhələ keçmək şansları azalan “Azəryol”un “sükanı arxası”nda dəyişiklik etmək məqsədəuyğun sayılıb.
Qərara əsasən, mövsümün əvvəlindən Bakı təmsilçisini çalışdıran Aleksandr Çervyakov vəzifəsindən azad edilib. Bu post onun köməkçisi olan amerikalı Jeremi Estes tapşırılıb. Ölkəmizə gələnədək “Sent-Luis” (ABŞ), “Uraloçka”, “Dinamo”su (Moskva, hər ikisi Rusiya) və “Volero” (İsveçrə) kimi klublarda çalışan mütəxəssis bu vəzifəni müvəqqəti icra edəcək.Ona köməkliyi isə Kanada yığmasının sabiq voleybolçusu Ceyson Haldan edəcək. Millisinin heyətində 300-dən artıq oyuna çıxan, London Olimpiadasının iştirakçısı olan, Belçika, İtaliya, Yunanıstan, Fransa və Rusiya kimi ölkələrin aparıcı klublarında forma geyinmiş 44 yaşlı məşqçi gənclər yığmamızda da fəaliyyətini davam etdirəcək.
“Azəryol” rəhbərliyi hər 2 mütəxəssisin qarşısına ciddi məqsədlər qoyub. Onlar komandanın “Yamamay”la cavab oyununda özünəinamını qaytarmalı və az qiymətləndirilən şanslarını reallaşdırmağa çalışacaqlar. Həmçinin, şimali amerikalılar Azərbaycan Super Liqasında potensial liderliyi qorumaq və yarışı çempionluqla başa vurmaq tapşırığı alıblar.
Qeyd edək ki, “Azəryol” Çervyakovun rəhbərliyi altında Çempionlar Liqasında 7 oyundan 4-də, Super Liqada isə 9 oyundan 7-də qələbə qazanıb.