Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.
Qaziler.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) rəsmi saytına istinadən xəbər verir ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner 8 illik müddətinə yarışlardan diskvalifikasiya edilib.
İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.
Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.
Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012, 2015 və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.