Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən klublararası 3-cü Avropa çempionatına yekun vurulub. Apasport.az saytına verilən məlumata görə, 2 gün davam edən G1 kateqoriyalı yarışda Azərbaycanın aparıcı klubları 6 medal qazanıb.
Belə ki, çempionatda ölkəmizi DİN (4), “Qəbələ” (1), “Gilan” (5), “Neftçi” (7), “Fateh” (3) və “Sumqayıt” (10) klublarından ümumilikdə 30 taekvondoçu təmsil edib. Komandalarımızın heyətində böyüklərin yarışında fərqlənən olmayıb.Əvəzində, Minayə Əkbərova (Gilan, 33) yeniyetmələrin, Nərgiz Mirzəyeva (Sumqayıt, 42 kq), Jalə Əsədli (DİN, 68 kq), Şamil Şirinzadə (Gilan), İlham Əliyev (Sumqayıt, hər ikisi 45 kq) və Əli Məmmədov (DİN, 51 kq) isə gənclərin mübarizəsində bürünc medal qazanıblar.
Qeyd edək ki, idmançılarımız Avropa çempionatının ardından – fevralın 12-15-də Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyası tərəfində təşkil ediləcək G1 kateqoriyalı, sayca 2-ci olan “Turkish Open”də güclərini yoxlayacaqlar. Turnirə milli komandanın tərkibində “Neftçi”, “Gilan” və “Savalan”ın taekvondoçuları qatılacaqlar. Burada isə 26 idmançı ilə təmsil olunacağıq.